
Səhiyyə sistemində idarəetmənin vahid mərkəzdən təşkili tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qurumlar arasında koordinasiyanın gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların səmərəli nəticə verməsi üçün idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, kadr siyasətinin optimallaşdırılması və şəffaflığın təmin olunması vacibdir.
sozmedia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Taryel Eyvazov bildirib. O qeyd edib ki, tibbi xidmətlərin təşkilində mövcud pərakəndəliyin aradan qaldırılması və idarəetmənin mərkəzləşdirilməsi səhiyyə sistemində gözlənilən islahatlar üçün mühüm zəmin yaradır: "Vahid idarəetmə modelinin tam formalaşması üçün sanitar-epidemioloji xidmətlər bu sistemə daxil edilməlidir. Çünki həmin xidmətlər əhalinin sağlamlığının qorunmasında, yoluxucu xəstəliklərin qarşısının alınmasında və epidemioloji təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu sahənin ümumi idarəetmə sisteminə inteqrasiyası tibbi xidmətlər arasında əlaqələndirməni gücləndirə bilər".
Əməkdar həkim dövlət tibb müəssisələrində xəstələrə göstərilən xidmətlərin təşkili məsələsinə də toxunub. O bildirib ki, vətəndaş dövlət xəstəxanasına göndərişlə müraciət etdikdə, həmin müəssisədə zəruri tibbi xidmətin və ya əməliyyatın göstərilməsi mümkün olmadıqda, onun müqaviləli özəl klinikaya yönləndirilməsi praktikası aydın və şəffaf mexanizmlərlə tənzimlənməlidir. Əsas məqsəd xəstənin tibbi yardım almaq imkanını məhdudlaşdırmamaq, xidmətin əlçatanlığını və keyfiyyətini təmin etmək olmalıdır.
T.Eyvazovun fikrincə, səhiyyədə vahid idarəetmə sisteminin qurulması özlüyündə son məqsəd deyil: "Əsas məsələ bu dəyişikliklərin vətəndaşların gündəlik həyatında hiss olunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, xəstələrin üzləşdiyi çətinliklərin azalması və dövlət vəsaitindən daha səmərəli istifadə olunmasıdır. Gözlənilən nəticələrə nail olmaq üçün struktur dəyişiklikləri ardıcıl islahatlar, şəffaf idarəetmə və məsuliyyətli kadr siyasəti ilə müşayiət edilməlidir".