
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu çərçivəsində altı istiqamət üzrə panel müzakirələri təşkil olunub.
sozmedia.az xəbər verir ki, “Ailə münasibətlərinin yeni dinamikası: ünsiyyət və sosial bağlılıq” adlı birinci paneldə ailədaxili ünsiyyət, münasibətlərin möhkəmləndirilməsi və sosial bağlılığın qorunması məsələləri müzakirə olunub.
İkinci panel isə “Yeni nəsil valideynlik: uşağın təhlükəsizliyi, inkişafı və rəqəmsal rifah” mövzusuna həsr olunub. Paneldə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, sağlam inkişafı və valideynlərin üzərinə düşən məsuliyyət müzakirə edilib.
“Texnologiya dövründə insan rifahı: sağlamlıq, həyat tərzi və yeni vərdişlər” adlı üçüncü paneldə texnologiyaların gündəlik həyata təsiri, sağlam həyat tərzinin təşviqi və yeni vərdişlərin formalaşması məsələləri nəzərdən keçirilib.
Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması, hüquqların təmin edilməsi və təhlükəsizlik məsələləri “Yeni risklər mühitində ailə: hüquqlar, məxfilik və təhlükəsizlik” panelində nəzərdən keçirilib. Müzakirələrdə rəqəmsal mühitdə ailə üzvlərinin hüquqlarının qorunması, şəxsi məlumatların məxfiliyi və təhlükəsizlik məsələləri müzakirə olunub.
Süni intellektin gündəlik həyata nüfuz etməsi, insan münasibətlərinə təsiri və bu texnologiyalardan istifadə zamanı etibarın qorunması da Forumun əsas müzakirə istiqamətlərindən biri olub. “Süni intellekt insan həyatında: seçimlər, münasibətlər və etibarın sərhədləri” panelində süni intellekt texnologiyalarının insan münasibətlərinə təsiri, bu texnologiyalardan istifadə zamanı etibar, məsuliyyət və təhlükəsizlik məsələləri müzakirə edilib.
Forumun gələcəyə yönələn müzakirələri “Gələcəyin ailəsi: 2030–2040 perspektivində yeni həyat modeli” panelində davam etdirilib. Paneldə gələcək dövrdə ailə modelinin mümkün dəyişiklikləri, demoqrafik və sosial çağırışlar müzakirə olunub, gənclərlə iş və ailənin inkişaf perspektivlərindən danışılıb.
Panel müzakirələri çərçivəsində ailənin müasir cəmiyyətin inkişafında rolu, rəqəmsal transformasiyanın yaratdığı imkan və risklər, uşaqların rifahı və təhlükəsizliyi, eləcə də ailə münasibətlərinin qorunması ilə bağlı aktual məsələlər müxtəlif aspektlərdən dəyərləndirilib.