
Fransanın əmək və həmrəylik naziri Jan-Pyer Farandu minimum əməkhaqqının xalis məbləğinin 1500 avro həddini keçməsinin vacibliyini vurğulayıb. Nazir minimum əməkhaqqının avtomatik indeksləşdirilmə yolu ilə artırılmasının yanvarın 1-i əvəzinə dekabrda həyata keçirilməsini dəstəkləyib.
sozmedia.az xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lökornünün ofisi hökumət başçısının əmək və həmrəylik nazirindən əməkhaqqı məsələləri ilə bağlı son günlər aparılan məsləhətləşmələri noyabrın 8-dək yekunlaşdırmağı istədiyini açıqlayıb. Müzakirələrin nəticələri noyabrın 9-da sosial tərəfdaşlarla keçiriləcək görüşdə müzakirə olunacaq.
Jan-Pyer Farandu noyabrın 6-da TF1 telekanalına müsahibəsində minimum əməkhaqqının artırılmasının dekabr ayına keçirilməsinin simvolik əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, hazırda 1478 avro təşkil edən xalis minimum əməkhaqqının 1500 avro həddini aşması üçün səy göstərilməlidir.
Nazirin açıqlaması noyabrın 5-də Fransada əməkhaqqının və alıcılıq qabiliyyətinin artırılması tələbi ilə keçirilən ümummilli tətil və nümayişlərdən sonraya təsadüf edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 575 min nəfər, Ümumi Əmək Konfederasiyasının hesablamalarına əsasən isə 1,6 milyon nəfər iştirak edib.
Baş nazir Sebastyan Lökornü noyabrın 9-da Matinyon iqamətgahında həmkarlar ittifaqları və işəgötürən təşkilatlarının nümayəndələrinin iştirakı ilə sosial konfrans keçirəcəyini elan edib. Görüşün əsas məqsədi əməkhaqqı və əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə etməkdir.
Baş nazirin ofisinin məlumatına əsasən, dövlət fəaliyyəti və dövlət hesabları naziri David Amyel isə dövlət qulluqçularının nümayəndələri ilə danışıqları davam etdirir. Həmkarlar ittifaqları dövlət qulluqçularının əməkhaqqının hesablanmasında əsas götürülən indeks göstəricisinin artırılmasını tələb edirlər.
Həmkarlar ittifaqlarının birgə bəyanatında Baş nazirin təklif etdiyi görüşün nəzərə alındığı bildirilsə də, etirazların dayandırılması üçün konkret tələblərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təşkilatların fikrincə, yalnız son həftələrdə işçilərin, dövlət qulluqçularının, gənclərin və pensiyaçıların irəli sürdüyü tələblərə cavab verilməsi etiraz hərəkatına son qoya bilər.
Bəyanatda, həmçinin aksiyalarda fəal iştirak edən dövlət qulluqçuları və gənclərlə bağlı hələlik heç bir görüşün nəzərdə tutulmadığı qeyd olunub. Həmkarlar ittifaqları bazar ertəsi Matinyonda keçiriləcək görüşdən sonra bir araya gələrək, etiraz hərəkatının növbəti mərhələsi ilə bağlı qərar qəbul edəcək.
Qeyd edək ki, tələbə təşkilatları və “Sarı jiletlilər” hərəkatının iştirakçıları noyabrın 7-də yeni etiraz aksiyalarına hazırlaşırlar. Bu aksiyalar oktyabrın 17-də başlayan etiraz hərəkatının dördüncü mərhələsi – “Acte 4” kimi təqdim olunur.
Tələbə təşkilatı UNEF hökumətə təzyiq göstərmək məqsədilə etirazların davam etdiriləcəyini bəyan edib. Təşkilatın açıqlamasında bildirilib: “Hökumətin geri çəkilməsi üçün heç nədən vaz keçməyəcəyik. Noyabrın 7-də görüşənədək”.